Böyük Britaniyada iyun ayı üçün yeni gündəlik maksimum temperatur rekordu qeydə alınıb.
Oxu.Az-ın Gazeta.press-ə istinadən xəbərinə görə, bu barədə Britaniya Meteorologiya Bürosundan (Met Office) məlumat verilib.
İyunun 24-də Böyük Britaniyanın cənubundakı Hempşir qraflığının Qosport şəhərində 36.1 dərəcə temperatur qeydə alınıb. İlkin olaraq, bu, krallıqda bütün müşahidələr tarixi ərzində ən yüksək göstəricidir.
Əvvəlki 35.6 dərəcə temperatur rekordu 28 iyun 1976-cı və 29 iyun 1957-ci illərdə qeydə alınıb. Britaniya meteoroloqları vurğulayıblar ki, anomal istilərin iyunun 25-26-da davam edəcəyi proqnozlaşdırıldığı üçün bu rekord yaxın günlərdə yenidən qırıla bilər.
Anomal istilərin bitdikdən sonra yeni milli rekordların yoxlanılması prosesi başlayacaq. Yeni məlumatların Meteorologiya Rekordlar Kitabına rəsmi şəkildə daxil edilməsinə dair qərar verilməzdən əvvəl avadanlıqlar və sınaqların keçirilmə yeri ciddi yoxlanılacaq.
Meteorologiya xidmətinin baş elmi işçisi professor Stiven Belçer qeyd edib ki, iyun ayında Böyük Britaniyada belə temperaturun müşahidə edilməsi iqlim dəyişikliyinin nəticələrini açıq şəkildə nümayiş etdirir.
"Met Office"dən əlavə ediblər ki, proqnozlar gələcəkdə, xüsusən də Böyük Britaniyanın cənub-şərqində isti dövrlərin daha tez-tez baş verəcəyini göstərir.