Böyük Britaniyada anomal istilər və quraqlıq səbəbindən təzə tərəvəz qıtlığı yaranıb. Supermarketlər artan tələbatı qarşılamaq üçün məhsulları İspaniyadan idxal etməyə məcbur qalıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti məhsuldarlığa ciddi mənfi təsir göstərdiyindən restoranlar və mağazalar kahı və brokkolini xaricdən almağa başlayıblar. Nəticədə pomidorun topdansatış qiyməti 60 faizdən çox, kahının qiyməti 90 faiz, kartofun qiyməti isə 40 faizdən çox artıb.
Brokkoli istehsalçıları məhsuldarlığın iki dəfə azaldığını, noxud yığımının isə təxminən üçdə bir nisbətində azaldığını bildiriblər.
Brokkoli istehsal edən "Riviera Production" şirkətinin rəhbəri Devid Simmons ölkədə bu tərəvəzə tələbatın kəskin artdığını, ehtiyacı qarşılamaq üçün isə İspaniya və Niderlanddan idxala başlanıldığını deyib. O, yaxın həftələrdə gül kələmi qıtlığının da yarana biləcəyi barədə xəbərdarlıq edib.
"Nationwide Produce" topdansatış şirkətinin rəhbəri Tim O'Melli bildirib ki, vəziyyət göründüyündən daha ciddidir. Onun sözlərinə görə, fermer təsərrüfatları suvarma üçün su çatışmazlığı ilə üzləşiblər.
Yorkşirli fermer Rocer Hobson isə qeyd edib ki, bu il karyerasının ən çətin mövsümünü yaşayır. O bildirib ki, 30 dərəcədən yuxarı temperatur yerkökünün məhsuldarlığına mənfi təsir göstərir və buna görə də sahələr fasiləsiz suvarılır.