Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uollesə qarşı Rusiyaya münasibətdə terrorizmə açıq çağırışlar etmə ittihamı ilə açılmış cinayət işi üzrə ittiham aktı təsdiqlənib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən yayılıb.
"Bəyanatda terror fəaliyyətinin həyata keçirilməsinə, o cümlədən dinc əhali üçün yaşayış şəraitini yararsız hala gətirmək məqsədilə Krım körpüsünə zərbələr endirilməsi imkanını təmin etmək üçün Ukraynaya uzaqmənzilli raket silahlarının verilməsi ilə bağlı çağırışlar yer alıb", - deyə ittiham aktında bildirilib.
Qeyd edilib ki, may ayında Ben Uolles Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib və onun məlumatları qurumun axtarış bazasına daxil edilib.
Xatırladaq ki, Ben Uolles 2023-cü ilin avqustunda Böyük Britaniyanın müdafiə naziri vəzifəsindən istefa verib. O, həm dövlət vəzifəsindən, həm də siyasətdən ayrılmaq qərarı qəbul edib. Uolles 2019-cu ildən etibarən Böyük Britaniyanın müdafiə qurumuna rəhbərlik edirdi.