İsveçrənin Cenevrə şəhərinin mərkəzində asayiş keşikçiləri ilə "Böyük yeddilik" sammitinə qarşı keçirilən kütləvi etiraz aksiyasının iştirakçıları arasında ciddi toqquşmalar baş verib.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, polis iğtişaş törədən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
Hadisə minlərlə insanın G7 ölkələrinin siyasətinə etiraz etmək üçün şəhərin küçələrinə çıxdığı vaxt baş verib.
Yürüşün sonlarına yaxın vəziyyət gərginləşib. Etirazçıların arasından radikal əhvali-ruhiyyəli qrup ayrılaraq fəal hərəkətlərə başlayıb. Onlar asfalt örtüyünü sökərək daşları çıxarıb və polisə atıblar. Bundan əlavə, petardalar və fişənglərdən istifadə olunub. Polis əməkdaşları daş və butulka hücumları ilə üzləşdikdən sonra xüsusi vasitələrdən istifadə ediblər.
Toqquşmalar BMT-nin mənzil-qərargahının yaxınlığında baş verib. İğtişaşlar zamanı mağazaların və bankların vitrinlərinə ziyan dəyib, həmçinin Beynəlxalq Yayım Birliyinin binası da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların və transmilli korporasiyaların ofislərinə zərər vurulub.
Qeyd edək ki, "Böyük yeddilik" sammiti iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək.