Çexiyada 39 yaşlı kişi qətl və hücum hədələri ilə onlarla məktub göndərməkdə ittiham olunaraq saxlanılıb. Məktublardan birində o, birinci sinif şagirdlərinə divan tutacağı ilə hədələyib.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi avqustun 23-dən sentyabrın 11-dək paytaxt Praqa və Mərkəzi Çexiya bölgəsinin polis bölmələrinə təhdid və narahatedici məzmunlu azı 36 məktub göndərib. Təhdidlərin ünvanlandığı şəxslər arasında həkimlər, tibb işçiləri və ali məktəb tələbələri də olub. Bundan başqa, o, paytaxtın mərkəzində insanlara qarşı hazırlanmaqda olan hücumlar barədə məlumat verib.
Ən böyük reaksiyaya avqustun 27-də göndərilən məktub səbəb olub. Məktubda Praqanın Köhnə Şəhər meydanındakı astronomik saatın yaxınlığında partlayış törədiləcəyi bildirilib. Ərazi mühasirəyə alınıb, təxminən 650 nəfər təxliyə edilib, daha sonra ərazi partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər tərəfindən yoxlanılıb.
Şübhəli şəxs qatarla Praqaya gəldikdən sonra saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaq çərçivəsində təqsirləndirilən şəxs psixiatrik ekspertizadan keçirilib. Polisin bildirdiyinə görə, mütəxəssislər onun cinayət məsuliyyətini istisna edən hər hansı xəstəliyinin olmadığını müəyyənləşdiriblər. Hüquq-mühafizə orqanları, həmçinin onun oxşar əməlləri əvvəlki illərdə də törətdiyini ehtimal edirlər.
Məhkəmə tərəfindən təqsirli bilinərsə, kişini üç ilədək həbs cəzası gözləyə bilər.