Çexiya polisi bu həftə bazilikadan XIII əsrə aid relikviyanı - Müqəddəs Zdislavanın kəlləsini oğurlayan şəxsi saxlayıb. 35 yaşlı şübhəli günahını etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilir ki, oğru relikviyanı betonla örtməyə çalışıb. Hazırda mütəxəssislər müqəddəs əşyanın təmizlənməsi üzərində işləyirlər.
Məlumata görə, şübhəli Praqadan 50 kilometr aralıda yerləşən Mlada-Boleslav şəhərində saxlanılıb. Polis bildirib ki, həmin şəxs kəllədən xilas olmaq məqsədilə betona batırılmış relikviyanı çaya atmağı planlaşdırıb.
İstintaq materiallarına əsasən, oğurluğun səbəbi şübhəlinin müqəddəs əşyanın məbəddə hamının görə biləcəyi yerdə nümayiş etdirilməsinə qarşı kəskin narazılığı olub.
Şübhəli polisə ifadəsində bazilikaya gələrək orada heç kimin olmaması və relikviyanı oğurlamağa maneə yaranmaması üçün dua etdiyini bildirib.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs əvvəllər heç bir cinayət və ya hüquqpozma törətməyib.