İspaniyada İtaliya həbsxanasından dördüncü dəfə qaçmağı bacaran məhkum saxlanılıb. Hadisə avqustun 26-da Tarraqona şəhərində qeydə alınıb və axtarışda olan şəxs Avropa həbs orderi əsasında tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "BFM TV" məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs ötən ilin dekabrında İtaliyadakı ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçıb. O, pəncərənin dəmir barmaqlıqlarını kəsərək mələfələrdən düzəltdiyi kəndirlə aşağı enib. Bundan əvvəl cinayətkar Terni və Parma həbsxanalarından, eləcə də Belçikadakı həbsxanadan qaçmağa nail olmuşdu. O, Belçikada divarı aşmaq üçün "canlı piramida" üsulundan istifadə etmişdi.
Saxlanılma zamanı məhkum hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Onun əlbir olduğu şəxslər prosesə müdaxilə etməyə çalışıblar və nəticədə iki polis əməkdaşı xəsarət alıb.
Baxış zamanı cinayətkarın üzərindən saxta sənədlər və iki ədəd saxta 500 avroluq əskinas aşkarlanıb. Hakim onun İtaliyaya ekstradisiya edilənədək həbsdə saxlanılması barədə qərar çıxarıb.