Almaniyada pilotsuz uçuş aparatlarının (PUA) yaratdığı təhlükə səbəbindən ordunun ölkə daxilində əməliyyatlara cəlb edilməsi təklif olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Deutschlandfunk" məlumat yayıb.
Şlezviq-Holşteyn federal torpağının rəhbəri Daniel Günter son dron insidentlərini əsas gətirərək Bundesverin (Almaniya Silahlı Qüvvələri) ölkə daxilində fəaliyyət göstərməsinə hüquqi icazə verilməsini dəstəklədiyini açıqlayıb.
"Pilotsuz uçuş aparatları ilə bağlı vəziyyətlərdə xarici və daxili təhlükələri bir-birindən fərqləndirmək demək olar ki, mümkün deyil. Buna görə də hesab edirəm ki, Almaniyanın Əsas Qanununa müvafiq dəyişikliklərin edilməsi məsələsini müzakirə etməliyik və inanıram ki, bu istiqamətdə konkret nəticələr əldə olunacaq", - deyə D. Günter bildirib.
Siyasətçi, həmçinin xarici və daxili təhlükəsizlik sahəsində federal torpaqlarla mərkəzi hökumət arasında səlahiyyət bölgüsünün bu qədər kəskin şəkildə ayrılmasının artıq məqsədəuyğun olmadığını qeyd edib.
Çərşənbə günü verilən məlumata əsasən, avqustun 5-də saat 23:40-da (Bakı vaxtı ilə çərşənbə günü 01:40-da) Leypsiq/Halle aeroportunun uçuş zolağında, Ukraynaya məxsus "An" tipli yük təyyarəsinin yaxınlığında əldəqayırma partlayıcı qurğu ilə təchiz edilmiş PUA aşkarlanıb.
İnsidentlə bağlı araşdırmanı Saksoniya Torpaq Cinayət İşləri İdarəsi və Drezden Baş Prokurorluğu aparır.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt baş vermiş dron hadisəsini "hibrid hücum ssenarisi" kimi qiymətləndirib.