“Əgər hansısa təşkilat Gürcüstanda qaz kəmərinin 25 faizini almaq istəyirsə, qoy alsın”.
Oxu.Az Novosti-Armeniya-ya istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanın tranzit qaz kəmərinin 25 faizlik səhmlərini almağa hazırlaşdığı barədə suala cavab verərkən Ermənistanın baş naziri Karen Karapetyan bildirib.
“Təhlükəsizlik üzərində işləməliyikmi? Hətta onlar (Azərbaycanın Dövlət Neft Şirkəti) həmin 25 faizi almaq istəsələr də, bunun bizə qorxusu yoxdur. Çünki 25 faiz nəzarət səhm paketi deyil. Qaz kəmərlərində qəza isə hər yerdə baş verə bilər. Lakin sizin evlərinizdə qaz həmişə olacaq.
90-cı illərdən bəri elə hal olmayıb ki, əhali təbii qazsız qalsın. Ona görə də narahat olmayın, hər şey yaxşı olacaq”, - Karapetyan deyib.
O əlavə edib ki, fövqəladə vəziyyət yaranarsa, əlavə qaz kanalına malik olmaq üçün Ermənistan İran və Türkmənistan ilə müxtəlif imkanları müzakirə edəcək.
Daha öncə Gürcüstan tərəfi neft-qaz korporasiyasının səhmlərinin 25%-ni satmaq planı barədə bəyanat vermişdi. Səhmlər paketini almaq niyyətini Azərbaycanın Dövlət Neft Şirkəti bəyan etmişdi.
N.O.
www.oxu.az