Fransa daxili işlər naziri Loran Nunyes ötən həftəsonu iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları zamanı polisin bir neçə şəhərdə vəziyyətə nəzarəti itirdiyini etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "France Inter" radiosunun efirində bildirib.
O, hüquq-mühafizə orqanlarının vəziyyəti tam olaraq əvvəlcədən proqnozlaşdıra bilmədiklərini qeyd edib.
Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməyən istefa ərizəsi barədə danışan Nunyes - "Mən istefa verdim, çünki baş verən hər şeyə görə məsuliyyət daşıyıram", - deyə vurğulayıb.
Nazirin sözlərinə görə, təkcə bazar günü Parisdə 350 nəfər saxlanılıb. Həftəsonu Parisdə və bütün Fransa ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi nümayişlər keçirilib.
Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min insan iştirak edib. Daxili İşlər Nazirliyi (DİN) isə bu rəqəmin 550 min olduğunu bildirib ki, bu da güc strukturları analitiklərinin proqnozlarından xeyli çoxdur. Bir sıra şəhərlərdə etiraz aksiyaları kütləvi iğtişaşlar və polislə toqquşmalara çevrilib.
Nunyes bütün ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını bildirib və hakimiyyətin iğtişaş və qarətlərdə iştirak edən hər kəsin təqibini davam etdirəcəyinə söz verib.