Fransada meşə yanğınlarının söndürülməsi işlərinə 1 500 hərbçi cəlb olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Katrin Votren "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazirin sözlərinə görə, hərbçilər ölkənin cənub-qərbində alovlarla mübarizə aparıblar. Hazırda Fransanın mühəndis qoşunları yanğının yayılmasının qarşısını almaq üçün xüsusi maneələr yaradır. Müdafiə Nazirliyi, həmçinin helikopterlərdən və dronlardan istifadə edirlər.
Qeyd edək ki, Fransa və İspaniyanı genişmiqyaslı meşə yanğınları bürüyüb. İlkin məlumatlara görə, artıq 300 mindən çox insan təxliyə edilib.
Son məlumatlara əsasən, Fransada artıq rekord həddə - 42 min hektar ərazi yanıb. Ən böyük yanğınlardan biri ölkənin cənub-qərbində, Jironda departamentində davam edir. Burada təxminən 20 min sakin təxliyə olunub. Yanğına yerli şam meşələrində işləyən kolkəsən texnikanın səbəb olduğu bildirilir.
Fövqəladə vəziyyətlə əlaqədar Fransa Prezidenti Emmanuel Makron Daxili İşlər Nazirliyində böhran müşavirəsi çağırıb.