Fransada təxminən 20 ərazidə böyük meşə yanğınları baş verib. Ölkənin cənubundakı irimiqyaslı meşə yanğını isə 4 600 hektardan çox sahəni əhatə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Agence France-Presse" nəşri Şərqi Pireney departamentinin prefekti Pyer Renyo de la Mota istinadən məlumat verib.
O qeyd edib ki, səfərbər olunmuş yanğınsöndürənlər alovun yayılmasının qarşısını almağa çalışırlar.
Təxminən 700 yanğınsöndürən külək, quru hava və güclü istilər kimi əlverişsiz hava şəraiti fonunda yanğınla mübarizə aparır.
Hakimiyyət orqanları Şərqi Pireney departamentindəki 26 kommunanın sakinlərini - təxminən 10 min insanı təxliyə edirlər.
Qeyd edək ki, "Meteo-France" milli hava xidməti kəskin istilərlə bağlı respublikanın əsasən cənubunda yerləşən 15 departamentdə narıncı təhlükə səviyyəsi elan edib. Bəzi ərazilərdə temperatur 40 dərəcə Selsiyə qədər yüksələ bilər.