Parisdə baş tutan kütləvi etiraz aksiyaları zamanı ikinci ölüm halı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri xəbər yayıb.
"Sözügedən məlumat gecədən səhərə qədər sosial şəbəkələrdə yayılıb. Bazar ertəsi səhər saatlarında isə rəsmi təsdiqini tapıb. Əldə etdiyimiz məlumatlara əsasən, bazar günündən bazar ertəsinə keçən gecə Parisin 1-ci dairəsində, Şatle rayonundakı Sen-Deni küçəsində bir kişi həyatını itirib", - deyə məqalədə qeyd olunur.
Parisdəki nümayişçilərin arasında huşunu itirən daha bir kişinin ürək və tənəffüs dayanmasından vəfat etdiyi bildirilir. Bununla belə, həmin şəxsin polis əməkdaşları tərəfindən öldürüldüyünə dair heç bir sübut yoxdur. Bundan əvvəl Fransanın Baş naziri Sebastyan Lekornyu ölkədəki iğtişaşlara həsr olunmuş böhran qərargahının iclasından sonra departament prefektlərinə bir sıra bölgələrdə komendant saatı tətbiq etməyi tapşırıb.
Fransanın Müluz şəhərində baş tutan tələbə etirazları zamanı 17 yaşlı gənc qız gözündən məhrum olub.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər prokuroru Nikolya Eytsin açıqlamasına istinadən "Le Figaro" nəşri məlumat yayıb.
Onun sözlərinə əsasən, prokurorluq tərəfindən ağırlaşdırıcı şəraitdə zorakılıq hallarının tətbiqi ilə əlaqədar dərhal istintaq başladılması tapşırılıb. Bahalaşmaya qarşı keçirilən nümayişlərdə xəsarət alan gənc qızın gözü çıxıb.
"Təəssüflər olsun ki, təcili cərrahi əməliyyatın aparılmasına rəğmən, sol gözü xilas etmək mümkün olmayıb, o tamamilə itirilib", - deyə Eyts bildirib.

Prokuror əlavə edib ki, aparılan istintaq çərçivəsində gəncin ağır xəsarət alması ilə nəticələnən hadisələrin dəqiq ardıcıllığı müəyyənləşdirilməlidir.
"France-Presse" agentliyinin verdiyi məlumata görə, məşhur Luvr muzeyinin qarşısında da nümayiş keçirilir və binaya giriş məhdudlaşdırılıb. Məlumata əsasən, burada məqsəd lisey şagirdlərinə dəstək nümayiş etdirməkdir. Aksiya iştirakçıları sıx dərs qrafikinə, müəllim çatışmazlığına və təhsil sahəsindəki digər nöqsanlara etiraz edirlər. Bəzi ərazilərdə etirazlar iğtişaşlarla və hüquq-mühafizə orqanları ilə toqquşmalarla müşayiət olunub.