Fransa Senatı ifrat sürətli dəb ("ultra fast fashion") sənayesinə qarşı mübarizəyə yönəlmiş qanun layihəsini təsdiqləyib. Sənəd Çinin "Shein", "Temu" və "AliExpress" kimi iri onlayn ticarət platformaları üçün daha sərt qaydalar nəzərdə tutur.
Oxu.Az "France24"ə istinadən xəbər verir ki, bəzi ekspertlər bu qərarın Avropa İttifaqının hüquq normalarına uyğunluğu ilə bağlı hələ də şübhələrini qorusalar da, qanun uzun sürən müzakirələrdən sonra qəbul edilib.
Yeni qanuna əsasən, geyim istehsalçıları üçün əlavə maliyyə öhdəlikləri tətbiq olunacaq. Belə ki, çox böyük həcmdə məhsul istehsal edən şirkətlər fəaliyyətlərinin hər saatına görə xüsusi rüsum ödəməli olacaqlar. Bu rüsumun məbləğinin isə zamanla artırılması nəzərdə tutulur.
Bundan əlavə, senatorlar sosial şəbəkələrdə populyar bloqerlər tərəfindən bu cür brendlərin reklam edilməsini də qadağan ediblər.
Fransa hökuməti bu sərt addımı ətraf mühitin qorunması zərurəti ilə əsaslandırır. Rəsmi Paris hesab edir ki, insanların ucuz qiymətə aldıqları və qısa müddət sonra tulladıqları geyimlər təbiətə ciddi ziyan vurur.
Qanun layihəsinin müəlliflərinin məlumatına görə, dünyada istixana qazı emissiyalarının təxminən 10 faizi məhz tekstil sənayesinin payına düşür.
Qeyd edək ki, hazırda Qərbi Avropanın bir sıra ölkələrində anomal istilər müşahidə olunur və bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötür. Bu şəraitdə bir sıra ölkələrdə ekoaktivistlərin kondisionerlərdən istifadənin məhdudlaşdırılması ilə bağlı çağırışları da güclənib.