Kolumbiyanın qərbində baş verən zəlzələ nəticəsində 70-dən çox insan həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Blu Radio" məlumat yayıb.
Risarelda departamentinin qubernatoru Xuan Dieqo Patinyonun sözlərinə görə, yalnız bu regionda 42 nəfər həyatını itirib.
"Paytaxt zonasına daxil olan üç bələdiyyədə artıq 40 nəfərin öldüyü məlumdur. Daha iki nəfər isə qərb bələdiyyələrində həyatını itirib", - deyə o, "Caracol" telekanalının efirində bildirib.
Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində azı 24 nəfər həyatını itirib, 100 nəfər isə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Vaye-del-Kauka departamentinin qubernatoru Dilyan Fransiska "X" sosial şəbəkəsində məlumat verib.
"Kalima-El-Darien şəhərində divarın uçması nəticəsində üç uşağın həlak olması xəbərini dərin hüznlə qarşılayırıq. Həmçinin Sarsal şəhərində bir nəfərin öldüyü bildirilir", - deyə qubernator qeyd edib.
Daha əvvəl Risaralda departamentinin Pereyra şəhərinin meri Maurisio Salasar 18 nəfərin öldüyünü, Kaldas departamentinin Manisales şəhərinin meri Xorxe Roxas isə zəlzələ nəticəsində iki nəfərin həlak olduğunu açıqlayıb.
Bundan əlavə, "Blu Radio" yerli hakimiyyət orqanlarına istinadən Manisales şəhərində azı 100 nəfərin itkin düşmüş hesab olunduğunu bildirib.
Kolumbiyanın Çoko departamentinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri 7.4 maqnitudalı zəlzələnin səbəb olduğu dağıntılar və xəsarət alanlar barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, qubernator "X" sosial şəbəkəsindəki hesabında Kibdo şəhərində yaralananların olduğunu, binalara ciddi ziyan dəydiyini bildirib.
Onun sözlərinə görə, hazırda hökumət nümayəndələri tərəfindən dəymiş zərərin miqyası qiymətləndirilir. Qubernator, eyni zamanda, ərazidə yeraltı təkanların yenidən təkrarlanma ehtimalının olduğunu da qeyd edib.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Oxu.Az-ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 115 km dərinlikdə olub.
Hazırda xəsarət alanlar və ya təbii fəlakətin yaratdığı dağıntılar barədə heç bir məlumat daxil olmayıb.