Hindistan ilk özəl orbital raketi olan "Vikram-1"i uğurla kosmosa buraxaraq özəl kosmik sənaye sahəsində dünya liderlərindən birinə çevrilib. "Skyroot Aerospace" şirkəti tərəfindən hazırlanmış raketin uğurlu sınağı ölkənin kommersiya kosmik texnologiyalar sektorunun geniş inkişafa hazır olduğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə şirkət "X" sosial şəbəkəsində məlumat yayıb.
"Vikram-1" daşıyıcı raketi sınaq uçuşu çərçivəsində orbitə çatıb. Hindistanda özəl şirkət tərəfindən hazırlanmış ilk orbital raket mühərrikinin son sınaqlarını uğurla başa vuraraq, faydalı yükü təxminən 450 kilometr hündürlükdə yerləşən aşağı Yer orbitinə çıxarıb", - deyə məlumatda bildirilir.
Missiya zamanı raket qarşıya qoyulan bütün uçuş tapşırıqlarını, o cümlədən faydalı yükün nəzərdə tutulan hündürlüyə çatdırılmasını uğurla yerinə yetirib.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu buraxılış Hindistanın milli kosmik proqramı üçün mühüm hadisədir. Beləliklə, Hindistan özəl şirkətləri orbital raket buraxılışı texnologiyasına malik olan dünyada üçüncü ölkə olub. Bu uğur Hindistanın kosmik sektorunda dövlət inhisarından açıq bazar modelinə keçidi simvolizə edir və ölkənin Yerə yaxın orbitə yük daşınması sahəsində imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.