"Hizbullah" İsrailin Livanın paytaxtı Beyrutun cənub kənarına raket hücumları zamanı iki liderinin öldüyünü bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun informasiya xidmətinin "Telegram" kanalında məlumat verilib.
"Sentyabrın 28-də Şiyəh yaşayış massivinə edilən xain hücum nəticəsində İcra Şurasının başçısının müavini vəzifəsində çalışan, ilahiyyatçı olan və böyük maarifləndirmə işi aparan, bununla yanaşı Qüdsün azad edilməsi uğrunda müqəddəs müharibədə fəal iştirak edən Şeyx Nabil Kauk öldürülüb", - məlumatda bildirilir.
Öldürülən ikinci şəxs isə təşkilatın hərbi strukturunda "2 nömrəli" adlandırılan, cənub cəbhəsində müdafiəyə cavabdeh olan Əli Karaki olub. Bəyanatda bildirilir ki, Karaki sentyabrın 27-də "Hizbullah"ın baş katibi Həsən Nəsrullahla birlikdə komandanlığın iclasının keçirildiyi yeraltı bunkerə zərbə endirilərkən həlak olub.
Bundan əvvəl "Əl-Nahar" qəzeti İsrailin "Hizbullah"ın hərbi rəhbərliyinin 20 üzvünü məhv etdiyi barədə məlumat yaymışdı. Onların arasında təşkilat liderinin təhlükəsizlik şöbəsinin rəhbəri İbrahim Cezzini, hava hücumundan müdafiə koordinatoru Əli Əyyub və hərbi tikinti və təşkilati məsələlərə cavabdeh olan Əbdül Əmir əs-Səblininin də olduğu bildirilir.
İsrail ordusu Livanda "Hizbullah" partiyasının mərkəzi şurasının üzvü Nabil Kaukun məhv edildiyini açıqlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, o, sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava zərbəsi nəticəsində məhv edilib.
"Kauk "Hizbullah" terror təşkilatının rəhbərliyinə yaxın sayılırdı və son günlər də daxil olmaqla, İsrail dövlətinə və onun vətəndaşlarına qarşı terror hücumlarının hazırlanmasında bilavasitə iştirak edirdi. O, tez-tez mediada çıxış edərək, Livanın şiə əhalisi qarşısında "Hizbullah"ı təmsil edir, təşkilatın siyasi, hərbi və strateji sahələrdə mövqelərini açıqlayırdı", - mətbuat xidməti qeyd edib.
Rəylər