Husilərin Yəmənin cənub-qərbində yerləşən Məxat limanına hücumu nəticəsində azı yeddi nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Yəmən hərbi nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, üsyançılar limana və ətraf ərazilərə pilotsuz uçuş aparatları ilə 20-dən çox hücum həyata keçirib, həmçinin ballistik raketlərdən və minalanmış katerdən istifadə ediblər. Liman əməkdaşları arasında xəsarət alanlar var. Zərbələr işçilərin yaşadığı yaşayış evlərinə də endirilib, raketlərdən biri səhra hospitalının əməkdaşlarının yaşadığı binaya düşüb.
Telekanalın məlumatına görə, Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri bir neçə pilotsuz uçuş aparatını vurmağa nail olub.
Yəmənin "Ənsar Allah" hərəkatının üzvləri olan üsyançı husilər ölkənin cənub-qərbindəki Məxat şəhəri yaxınlığında qoşunların cəmləşdiyi məntəqələrə və silah anbarlarına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirdiklərini bəyan ediblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sərianın bəyanatında bildirilib.
"Yəmən Silahlı Qüvvələri (husilər nəzərdə tutulur - red.) genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı Səudiyyə qüvvələrinin cəmləşdiyi məntəqələrə və Məxat rayonundakı silah anbarlarına hücum edilib", - deyə üsyançıların nümayəndəsi qeyd edib.