Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının iki neft tankerinə zərbə endirdiyini bəyan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın yaydığı bəyanatda bildirilib.
Husilər iddia edirlər ki, sözügedən neft tankerləri Qırmızı dənizdə tətbiq etdikləri dəniz blokadasını pozub.
Məlumata görə, "ENCELIA" və "LAYLA" adlı tankerlərə pilotsuz uçuş aparatları, eləcə də ballistik və qanadlı raketlərlə hücum edilib. Hərəkat həmçinin bu əməliyyat nəticəsində təxminən 10 gəmini marşrutunu dəyişməyə məcbur etdiyini iddia edib.
Eyni zamanda, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) Səudiyyə Ərəbistanının Əl-Şuqayk şəhərindən 70 dəniz mili cənub-qərbdə yerləşən tankerə naməlum mərminin dəydiyini açıqlayıb.
UKMTO-nun məlumatına görə, zərbə nəticəsində gəmidə yanğın baş verib və ekipaj alovun söndürülməsi istiqamətində iş aparır. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.