Avropa Komissiyası "Paramount Skydance" şirkətinin "Warner Bros. Discovery"ni 110 milyard ABŞ dollarına satın almasına razılıq verib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, razılığın alınması üçün "Paramount Skydance" "Universal Pictures" ilə filmlərin distribüsiyası sahəsində yaratdığı birgə müəssisədən imtina edib.
Avropa Komissiyası bildirib ki, şirkətin "United International Pictures" (UIP) birgə müəssisəsinin Avropadakı fəaliyyətini sövdələşmə başa çatdıqdan sonra 13 ay ərzində dayandırmaq öhdəliyi rəqabətlə bağlı narahatlıqları aradan qaldırıb.
Razılaşmaya əsasən, "Paramount Skydance" növbəti 10 il ərzində "Universal Pictures" ilə Avropada film distribüsiyası sahəsində yeni əməkdaşlıq qurmayacaq. Bundan əlavə, şirkət "Warner Bros." filmlərinin Avropa kinoteatrlarında nümayiş hüquqlarını öz distribütoruna verməyəcək.
Bununla yanaşı, həftənin əvvəlində ABŞ Federal Məhkəməsi "Paramount Skydance" və "Warner Bros. Discovery"nin birləşməsini müvəqqəti dayandırıb. İddia ABŞ-nin 12 ştatının baş prokurorlarından ibarət koalisiya tərəfindən qaldırılıb. Onlar hesab edirlər ki, sövdələşmə Hollivudda rəqabəti zəiflədə bilər.
"Reuters"in məlumatına görə, sövdələşmənin gecikməsi şirkət üçün ciddi maliyyə itkiləri yarada bilər. Əgər birləşmə sentyabrın 30-dan sonraya qalarsa, "Paramount Skydance"ın rəhbəri Devid Ellison "Warner Bros."un səhmdarlarına hər gecikmə günü üçün hər səhmə görə 25 sent, ümumilikdə isə təxminən 7 milyon ABŞ dolları məbləğində kompensasiya ödəməli olacaq.