Yaponiyada 12 mərtəbəli binanın pəncərəsindən yıxılan kişi yoldan keçən qadının ölümünə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Hadisə Naqoya şəhərində baş verib.
Məlumata görə, 29 yaşlı kişi 12 mərtəbəli binanın pəncərəsindən yıxılaraq küçə ilə hərəkət edən 23 yaşlı qadının üzərinə düşüb. Həmin vaxt qadının yanında olan digər şəxs isə xəsarət almayıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hündürlükdən yıxılan kişi də hazırda xəstəxanada müalicə alır. Onun baş və döş qəfəsi nahiyəsindən ağır xəsarətlər aldığı, koma vəziyyətində olduğu bildirilir.
Qeyd olunur ki, hazırda kişinin hansı şəraitdə binadan yıxıldığını müəyyənləşdirmək üçün araşdırma aparılır.