Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı" qismində zərgərlik obyektlərinə daxil olublar, satıcıların başını qataraq qiymətli əşyaları və külli miqdarda pul vəsaitini mənimsəyiblər.
Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, qruplaşmanın hər bir üzvünün xüsusi iş bölgüsü olub: ana cinayətkar planı idarə edib, qızı birbaşa oğurluq prosesində iştirakçı olub, nəvə isə ətrafdakı vəziyyətə nəzarət edərək təhlükə barədə məlumat verib.
Saxlanılanlar arasında ən yaşlısı olan Zümbül O. 2013-cü ildən etibarən gizlənməyi bacarıb. O, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun qızı Döndü O. 2015-ci ildən axtarışda olub və ona 6 ay 1 gün həbs cəzası kəsilib. Nəvə S.S.D. isə 2023-cü ildən axtarışa verilib və barəsində 4 il 4 ay 15 gün azadlıqdan məhrumetmə qərarı çıxarılıb.
Polisin diqqətini cəlb etməmək məqsədilə ana və qızı illərlə yeni şəxsiyyət vəsiqəsi almayıb, xəstəxanalara getməkdən və hər cür rəsmi prosedurlardan qaçıblar.
Bundan əlavə, onlar mütəmadi olaraq yaşayış yerlərini dəyişdirib, iz buraxmamaq üçün elektrik, su və internet müqavilələrini tanış rieltorun adına rəsmiləşdiriblər. Polis əməkdaşları onların yerləşdiyi ünvanı müəyyən edərək xüsusi əməliyyat həyata keçiriblər. Hər üç şəxs eyni evdə yaxalanıb və müvafiq prosedurlar yekunlaşdıqdan sonra məhkəməyə çıxarılıblar.