İnquşetiyanın başçısı Yunus-bek Yevkurov qardaşı oğlu Həsən Yevkurovun ölü tapıldığını bildirib.
Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.
“Hazırda ölkə xaricindəyəm. Təəsüflər olsun ki,onun ölü tapılması xəbəri doğrudur, hazırda orada (İnquşetiya Respublikasında - red.) faktla bağlı araşdırma aparılır”, – deyə İnquşetiya başçısı bildirib.
Bundan əvvəl, Həsən Yevkurovun fevralın 6-da öz evində ölü tapılması ilə bağlı “360” və “Mash” “Telegram” kanalında xəbər yayılmışdı.
İlkin ehtimala görə, İnquşetiya liderinin qardaşı oğlu intihar edib. Müstəntiqlər Həsənin meyitinin yanında ov tüfəngi aşkarlayıb.
“360” hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən xəbər verir ki, Həsən, Yevkurovun böyük qardaşının oğlu olub və İnquşetiya başçısının mühafizə xidmətində, sonralar isə Nazran dairəsinin 58-ci alayında işləyib.
Telekanalın informasiyasına görə, ölümündən bir neçə ay əvvəl Həsən Milli Qvardiyadan ixtisara düşüb.
Respublikanın istintaq komitəsinin mətbuat xidməti və yerli prokurorluq RBK telekanalının sorğusuna cavabında Həsən Yevkurovun ölümü ilə bağlı heç bir məlumatın daxil olmadığını bildirib.