İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində yaranan yanğın ətrafdakı konteynerlərə keçib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Bildirilir ki, partlayışlar davam edir. Hadisə nəticəsində ölənlərin sayı artıq 8 nəfərə, yaralananların sayı isə 750 nəfərə çatıb.
İranın cənubunda yerləşən Şahid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700 nəfəri keçib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Hörmüzqan ostanının fövqəladə xidmətlər nümayəndəsi Mehrdad Həsənzadənin sözlərinə görə, zərərçəkənlərin sayı artsa da, onların çoxu tez bir zamanda tibbi yardım aldıqdan sonra xəstəxanaları tərk ediblər.
Nümayəndənin sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər fəaliyyət göstərir və yanğınları söndürmək üçün qonşu ostanlardan bir neçə helikopter hadisə yerinə göndərilib.
Eyni zamanda, "Azad İran"ın verdiyi xəbərə görə, ölkədə fövqəladə vəziyyət elan edilib. Partlayışdan sonra havaya təhlükəli çirkli maddələrin yayılması riski yaranıb.
İran limanında baş verən güclü partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın səlahiyyətli orqanları məlumat veriblər.
Həmçinin limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsi partlayışın baş vermə ehtimalı ilə bağlı açıqlama verib.
"Çox güman ki, partlayış limanın ərazisində konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib", - deyə idarədən bildirilib.
İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 406 nəfərə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat verib.
Qeyd edək ki, partlayış Omanda keçirilən İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının üçüncü raundu başladıqdan az sonra baş verib. Hələlik partlayışın səbəbləri ilə bağlı rəsmi məlumat yoxdur.
Yerli Böhranlı Vəziyyətləri İdarəetmə Departamentinin nümayəndəsi dövlət televiziyasına bildirib ki, insident limanın estakadası ərazisində saxlanılan bir neçə konteynerin partlaması nəticəsində baş verib.
"Hazırda təxliyə aparırıq və yaralıları tibb mərkəzlərinə çatdırırıq", - deyə o əlavə edib.
İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölən və xəsarət alanlar var.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, hadisə nəticəsində altı nəfər ölüb, yarananların sayı isə 115 nəfərə çatıb.
İranın Bəndər Abbas limanında baş verən partlayış nəticəsində 50-yə yaxın insan xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fars" agentliyi məlumat verib.
Partlayışın yanacaq çəninin yanması nəticəsində baş verdiyi bildirilir.
Sosial şəbəkələrdə partlayışın və onun liman infrastrukturu üçün nəticələrinin videoları yayılmaqda davam edir.
İranda güclü partlayış baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış ölkənin cənubundakı Bəndər Abbas şəhərində, Şəhid Rəcai limanında baş verib və o qədər güclü olub ki, onun səsi yaxınlıqdakı şəhərlərdə də eşidilib.
Hormozqan Böhranlı Vəziyyətləri İdarəetmə Departamentinin baş direktoru xəbəri təsdiqləyib, lakin dağıntılar və itkilər barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Şahid Rəcai limanı İranın həyati və strateji əhəmiyyətli limanlarından biridir, Fars körfəzi sahilində iqtisadi əhəmiyyət kəsb edən ərazidə yerləşir və bu da hadisənin potensial nəticələrini artırır.
