İspaniya Kralı VI Filip və qızı, taxt-tacın vəliəhdi, Asturiya şahzadəsi Leonor hərbi təlimlər çərçivəsində "Pilatus PC-21" təyyarələrində birgə uçuş həyata keçiriblər. Təyyarələri onların özlərinin idarə etdiyi bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı kral sarayının mətbuat xidməti yayıb.
"Asturiya şahzadəsi San-Xavyerdəki (Mursiya) fəaliyyətini yekunlaşdırmazdan əvvəl Ümumi Aviasiya və Kosmos Akademiyasında hərbi hazırlıq proqramı çərçivəsində Əlahəzrət Kralla birlikdə təlim uçuşu icra edib", - deyə məlumatda qeyd olunub.
Kral sarayı monarxın qızı ilə uçuşunu əks etdirən fotoları paylaşaraq qeyd edib:
"Hərbi təhsilini bitirdikdən sonra Asturiya şahzadəsi III Karlos adına Madrid Universitetində "Politologiya" ixtisası üzrə təhsil alacaq".
"El Pais" qəzetinin məlumatına görə, bu, VI Filipin vəliəhd şahzadə ilə həyata keçirdiyi ilk ortaq uçuşdur.