"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində üz-üzə gələcəyi Uelsin TNS komandası Avropa arenasının kifayət qədər yaxşı tanınan simalarındandır.
Oxu.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis yaşıl meydanda hər bir rəqibə böyük hörmətlə yanaşmağın qələbə üçün həlledici amil olduğunu diqqətə çatdırıb:
"Əvvəla, onu qeyd edim ki, hər bir rəqibə hörmət etmək mütləqdir. TNS komandası dəfələrlə Uels çempionatının qızıl medallarını qazanıb və Avropada öz sözünü demiş kollektivdir. Onlar artıq 10 ildən çoxdur ki, öz daxili çempionatlarında əsl hegemonluq edirlər. Meydanda hansı üslubda futbol sərgiləməyinizdən asılı olmayaraq, hər bir görüşdə qalib gəlmək mentalitetini formalaşdırmalısınız. Bu amil rəqibə hörmətin və özünü ən yüksək səviyyədə hazırlamağın nə dərəcədə önəmli olduğunu sübut edir".
Daha sonra baş məşqçi püşkatmanın yekunlarına toxunaraq vəziyyəti belə dəyərləndirib:
"Açığı, qarşımıza hansı rəqibin çıxmasının o qədər də böyük önəm daşımadığını düşünürəm. Bizim üçün ən həlledici məqam bu oyunlara necə hazırlaşacağımız, hansı formada meydana çıxacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində sizə zəif təsir bağışlayan rəqiblə də üz-üzə gələ bilərsiniz, lakin əgər oyuna tam hazır deyilsinizsə, mütləq ciddi problemlərlə üzləşəcəksiniz. Müasir dövrdə artıq hamı futbol oynamağı çox yaxşı bacarır. İstər evdə, istərsə də səfərdə keçiriləcək bu iki görüşdə hər an hər şey dəyişə bilər".
V.Dambrauskas həmçinin komandanın qarşıdakı iki həftə ərzində baş tutacaq təlim-məşq toplanışından da bəhs edib:
"Hazırda qarşımızda duran yeganə və ən vacib vəzifə bu toplanışa böyük həvəs və mükəmməl motivasiya ilə start verməkdir. İki həftəlik gərgin və yüksək səviyyəli hazırlıq prosesi keçməli, yoxlama görüşlərində oyun fəlsəfəmizi daha da cilalamalıyıq. Mövcud oyun tərzimizi inkişaf etdirmək məqsədilə bəzi yeni komponentlər əlavə etməli və futbolçularımıza necə bir sistem istədiyimizi daim xatırlatmalıyıq. Əgər hazırlıq prosesini düzgün keçsək, istədiyimiz nəticə özü gələcək".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.