İspaniya kondisionerlərin fasiləsiz işləməsi nəticəsində yaranan elektrik enerjisi çatışmazlığını aradan qaldırmaq üçün qışa tədarük etdiyi qaz ehtiyatlarından istifadə etməyə başlayıb. Bu, ölkə tarixində ilk dəfə baş verən hadisədir.
Oxu.Az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropanın qaz infrastrukturu operatorları xəbərdarlıq edib. Bildirilir ki, iyulun 2-dən 14-dək olan dövrdə İspaniya yeraltı qaz anbarlarından 394 milyon kubmetr "mavi yanacaq" çıxarıb. Ölkə artıq iki həftədir ki, qış üçün nəzərdə tutulmuş ehtiyatlarını xərcləyir.
Hazırda yeraltı anbarların doluluq səviyyəsi təxminən 73%-dir. Bu göstərici iyul ayı üçün tarixi minimum hesab olunur.
Ölkənin belə bir addım atmasına səbəb anomal istilərdir. Havanın həddindən artıq isti keçməsi səbəbindən əhali kondisionerlərdən fəal istifadə edir ki, bu da elektrik enerjisi istehlakının kəskin artmasına gətirib çıxarır. Nəticədə elektrik stansiyalarında yanacaq istehlakı da normadan çox artıb.