ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris keçmiş dövlət başçısı Co Baydenin sağlamlıq vəziyyəti ilə bağlı ifadə verməyə çağırıla bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Konqresin Nümayəndələr Palatasının nəzarət və hökumət islahatları komitəsinin sədri Ceyms Komer "Fox News" telekanalına müsahibəsində bildirib.
"Kamala Harrisin Kaliforniya qubernatoru vəzifəsinə seçkidə iştirakdan imtina etməsinin yaxşı tərəflərindən biri də odur ki, onun Nümayəndələr Palatasının nəzarət komitəsinə gəlib Baydenin koqnitiv qabiliyyətlərinin zəifləməsi barədə ifadə verməyə daha çox vaxtı olacaq. Kamala Harrisin çağırış alması ehtimalı çox yüksəkdir", - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ-nin keçmiş vitse-prezidenti və demokratlardan sabiq prezidentliyə namizəd Kamala Harris 2026-cı ildə Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürməyəcəyini elan edib.
"Son bir neçə ayda kaliforniyalılara onların qubernatoru olmaq imtiyazını mənə vermələri xahişi ilə müraciət etmək barədə ciddi düşünürdüm. Bu ştatı, onun əhalisini və perspektivlərini sevirəm. Bura mənim evimdir, lakin ciddi düşüncələrdən sonra qərara gəldim ki, qarşıdakı seçkidə qubernator vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm", - deyə o özünün "X" hesabında bəyan edib.
Ştatda qubernator seçkisi 2026-cı ildə keçiriləcək. Harris 2021-ci ildə ABŞ vitse-prezidenti olmamışdan əvvəl dörd il Konqresdə Kaliforniyadan senator olub, 2011-2017-ci illərdə isə ştatın baş prokuroru vəzifəsini tutub.