Kanada hökuməti son bir il ərzində ABŞ tərəfindən hərbi müdaxilə ehtimalına qarşı tədbirlər görüb. Hərçənd ki, bu cür ssenarinin reallaşması az inandırıcı hesab edilirdi.
Oxu.Az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni "The New York Times" nəşrinə müsahibəsində bildirib.
"Düşünürəm ki, bu cür vəzifələrdə olan insanlar ən kiçik ehtimallı fövqəladə riskləri belə qiymətləndirməyə borcludurlar", - deyə o, Vaşinqton administrasiyasının rəhbəri Donald Trampın Kanadanı 51-ci ştat etmək istəyi barədə bəyanatları fonunda Ottava rəsmilərinin bu ehtimalı nəzərdən keçirib-keçirməməsi sualına cavab verib.
"Bu, sadəcə risklərin izlənməsidir. Bu, əsas ssenari deyil, lakin hazırlıq görməmək məsuliyyətsizlik olardı", - Karni əlavə edib.
Baş nazir qeyd edib ki, ölkəsi hərbi baxımdan ABŞ-nin "Starlink" peyk rabitəsindən asılılığını azaltmaq istəyir. "Starlink"ə gəldikdə, biz, şübhəsiz ki, şaxələndirmə aparacağıq", - deyə o vurğulayıb. Karni bildirib ki, Kanada bu sahədə Avropa ölkələri və Koreya Respublikası ilə əməkdaşlıq etmək niyyətindədir.
Məqalədə vurğulanır ki, Ottava ABŞ-nin 88 ədəd F-35 qırıcısının alınması planına yenidən baxır və Avropa istehsalçılarından alternativ maşınların sifariş edilməsi ehtimalını istisna etmir.
Karni, həmçinin qlobal maliyyə sisteminin böyük ölçüdə ABŞ dollarından asılı olmasını qeyri-sabit vəziyyət hesab etdiyini bildirib. Bununla yanaşı, Kanadanın baş naziri Trampla münasibətlərini müsbət qiymətləndirdiyinə əmin edib.
"Mənim baxış bucağıma görə münasibətlərimiz yaxşıdır. Biz bir-birimizə zəng edib müxtəlif məsələləri müzakirə edə bilirik", - deyə o qeyd edib.