Kembric lüğəti ilin nəticələrini yekunlaşdırıb və "parasosial" ("parasocial") sözünü 2025-ci ili müəyyən edən əsas termin kimi seçib. Bu söz heç vaxt tanışlıqlarının olmamasına baxmayaraq, insanın məşhur bir şəxsə qarşı hiss edə biləcəyi birtərəfli əlaqəsini ifadə edir.
Bu barədə Oxu.Az KP.ru-ya istinadən xəbər verir.
Məlumata görə, bu əlaqənin bariz nümunəsi pop-ulduz Teylor Svift və ABŞ-li futbolçu Trevis Kelsinin nişanlanmasına fanatların reaksiyası olub.
Bir çox pərəstişkarlar cütlüklə şəxsən tanış olmasalar da, xəbərə səmimi sevinc və göz yaşları ilə reaksiya veriblər. Lüğətin nümayəndələrinin qeyd etdiyi kimi, bu termin hazırda gündəlik istifadədə möhkəm yer tutub və sosial şəbəkələr dövrünün ruhunu əks etdirir.
Analitiklər "parasosial" anlayışının təyin edilməsi üçün axtarışlarda əsl partlayış qeydə alıblar. Redaktor Kolin Makintoşun sözlərinə görə, bu termin dilin təkamülünün mükəmməl nümunəsinə çevrilib. Dünyada milyonlarla insan bu gün influenserlər, məşhurlar və hətta süni intellektə əsaslanan çatbotlar ilə parasosial münasibətlərə cəlb olunur.
Maraqlıdır ki, terminin özü hələ 1956-cı ildə yaranıb, o zaman Çikaqo Universitetinin sosioloqları televiziya izləyicilərinin ekran personajları ilə real həyatdakı dostlarla münasibətlərinə bənzər bir əlaqə hiss etməyə başladıqlarını təsvir edirdilər.