ABŞ Prezidenti Donald Tramp administrasiyası Səudiyyə Ərəbistanına beynəlxalq təminatlar tətbiq edilmədən uranın zənginləşdirilməsi fəaliyyətinə ilkin razılıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN kanalı öz mənbələrinə və əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
Ekspertlər bildirirlər ki, ciddi beynəlxalq təminatlar tətbiq olunmasa, bu razılaşma gələcəkdə Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməsinə yol aça bilər. Xatırladaq ki, vəliəhd Məhəmməd bin Salman daha əvvəl İranın nüvə silahı əldə edəcəyi təqdirdə, Səudiyyə Ərəbistanının da analoji addım atacağını bəyan etmişdi.
"123 Sazişi" adlanan bu sənəd mülki nüvə energetikası sahəsində əməkdaşlığı və təminatlarla bağlı öhdəlikləri əhatə edir. Qanunun tələb etməsinə baxmayaraq, sənədin hələ ABŞ Konqresinə təqdim olunmadığı bildirilir. Tərəflər 2025-ci ilin oktyabrında danışıqların başa çatdığını elan etmişdilər.
ABŞ-nin energetika naziri Kris Rayt həmin vaxt bildirmişdi: "Hazırda mülki nüvə energetikası sahəsində əməkdaşlığa dair razılığa gəlmişik. İkitərəfli təminat sazişləri vasitəsilə tərəfdaşlığımızı genişləndirmək, Səudiyyə Ərəbistanına ABŞ nüvə texnologiyalarını təqdim etmək və nüvə silahlarının yayılmaması prinsiplərinə sadiq qalmaq istəyirik".
Qeyd edək ki, "123 Sazişi" ABŞ şirkətlərinin mülki nüvə texnologiyalarını digər ölkələrə ötürməsi üçün hüquqi çərçivəni müəyyən edir. Bu texnologiyaların ötürülməsi əlavə yoxlamalardan keçməlidir və hazırkı saziş Səudiyyə Ərəbistanının həssas nüvə texnologiyalarını əldə edib-etməyəcəyinə dair yekun qərar sayılmır.
Bununla belə, CNN-in əldə etdiyi sənədlərə əsasən, saziş layihəsi Səudiyyə Ərəbistanını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) gücləndirilmiş nüvə təhlükəsizliyi təminatları haqqında standart sazişini qəbul etməyə məcbur etmir.