ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyannaməyə qoşulmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən sənəd yalnız "könüllülərin koalisiyası" tərəfindən imzalanıb.
"Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı birgə sənədin imzalaması gözlənilirdi. Amma yekun bəyannamə sonda yalnız "könüllülərin koalisiyası" tərəfindən imzalandı. Sənədin ilkin layihəsində ABŞ-nin hücum halında Ukraynaya kömək etməsi, eləcə də kəşfiyyat və logistika dəstəyi göstərmək öhdəlikləri yer alırdı. Lakin bu müddəalar son versiyadan çıxarılıb", - deyə məqalədə bildirilir.
Nəşrin yazdığına görə, görüş zamanı verilən "nikbin bəyanatlar" ABŞ-nin Ukrayna və Avropanı dəstəkləmək öhdəliyinə dair şübhələri aradan qaldırmayıb.
Xatırladaq ki, dünən Parisdə "könüllülər koalisiyası"nın iclası keçirilib. Liderlər münaqişə bitdikdən sonra Ukraynaya hərbi kontingent göndərmək üçün "niyyət bəyannaməsi"nə imza atıblar.
Həmçinin mərkəzi Parisdə olacaq əlaqələndirici qrupun yaradılması barədə də razılıq əldə edilib.