Qazax şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslər evə buraxılıblar.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasından verilib.
"Yanvarın 6-da, saat 15:00-da Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan iki nəfərə (qadın) zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Qazax şəhərində partlayış olub. Hadisə şəhərin Molla Pənah Vaqif küçəsinin kəsişməsində yerləşən yaşayış binasında qeydə alınıb.
Hadisə şahidinin sözlərinə görə partlayış nəticəsində onun da evinə ciddi ziyan dəyib: "Mən qaça-qaça evə gəldim, gördüm ki, partlayış olub. Artıq bizim evə də zərər dəyib. Demək olar ki, qonşu ilə bizim aramızda arakəsmə təmiz uçub. Mağazadan demək olar ki, əsər-əlamət yoxdur. Çox güman ki, qaz yığılıb, ev sahibi də gəlib bilməyib. Yəni heç bir iy-filan hiss etmirdik, sadəcə olaraq qazı açanda partlayış olub".
Digər bir şahid baş verənləri belə nəql edib: "Bakıdan gəliblər, bayramla bağlı gəliblər. İstəyib ki, qazı yandırsın, partlayış baş verib".
Qazax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Günel Bəxtiyarlı bildirib ki, 6 yanvar saat 15 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan iki nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1975-ci il təvəllüdlü şəxsə sol mil sümüyünün aşağı üçdəbirinin sınığı və gövdənin birinci dərəcəli termiki yanığı, 1974-cü il təvəllüdlü şəxsə isə hər iki diz qapağının səthi travması və sol əlin ovuc səthinin sıyrılmış, cızılmış diaqnozu təyin edilib.
Qazax şəhərində yerləşən fərdi yaşayış evində partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.