ABŞ-nin dövlət başçısı Donald Tramp Kiyevə "Patriot" zenit-raket kompleksləri üçün nəzərdə tutulan yüzlərlə tutucu raketi verməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri özəl mənbələrə istinadən məlumat yayıb.
Birləşmiş Ştatların lideri bu qərarı ötən həftə Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bəyan edib. Tramp imtinanın səbəbini ABŞ-nin İrana qarşı hərbi kampaniyasından sonra tutucu raketlərin qıtlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, həmin döyüş sursatları Vaşinqtona Yaxın Şərqdəki ABŞ obyektlərini və müttəfiqlərini qorumaq üçün lazımdır.
Bununla yanaşı, ABŞ və Kiyev "Patriot" raketlərinin mümkün istehsalı məsələsinin müzakirəsini davam etdirirlər. Seçimlər arasında bəzi hissələrin Ukraynada buraxılması və daha sonra Almaniyada quraşdırılması da var. Lakin razılaşma əldə olunsa belə, ilk sursatlar ən tezi bir il sonra hazır ola bilər. Yeni istehsal xətlərinin işə salınması isə adətən üç ildən yeddi ilə qədər vaxt tələb edir.