Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanova Kiyev yaxınlığında yerləşən Petropavlovskaya Borşaqovka kəndində nümayişçilər və hüquq-mühafizə orqanları əməkdaşları arasında baş verən toqquşma zamanı bibər qazı püskürdülüb. Hadisədən sonra o, avtobusa sığınaraq gizlənib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN agentliyi məlumat yayıb.
Bildirilir ki, münaqişə yerli sakinlərin hərbçilər üçün qanunsuz həbsxana saydığı və insanların zorla saxlanılaraq işgəncələrə məruz qaldığını iddia etdiyi bina ətrafında yaranıb.
Ukrayna mediasının məlumatına görə, silahlı şəxslərin binada təxminən 40 nəfəri saxladığı bildirilsə də, sonradan Budanov orada yalnız 14 nəfərin olduğunu açıqlayıb.
Etirazçılar binaya daxil olmağa çalışaraq, baş verənlərlə bağlı izahat tələb ediblər. Toqquşmalarda gözyaşardıcı qazdan istifadə olunub, həmçinin atəş səslərinin eşidildiyi və yaralıların olduğu deyilir.
Budanovun sözlərinə görə, aksiya iştirakçıları hərbçiləri xəstəxanaya aparmağa çalışan avtobusun qarşısını kəsiblər. Bir müddət sonra Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko hadisə yerinə gəlib. O bildirib ki, sözügedən obyekt hərbçilərin müvəqqəti yerləşdirilməsi üçün kirayəyə götürülmüş məntəqədir. Hərbi qulluqçular buradan 58 günlük təlim mərkəzinə göndərilirlər.
Budanov baş verənləri qeyri-normal vəziyyət adlandıraraq, xüsusi yaradılmış işçi qrupu ilə birgə hadisənin təfərrüatını araşdıracağına söz verib. Bununla yanaşı, binada gizli həbsxananın fəaliyyət göstərməsi barədə deyilənlər yalnız yerli sakinlərin iddiaları olaraq qalır və müvafiq yoxlanılma tələb edir.