Kolumbiyada baş vermiş şiddətli zəlzələ qurbanlarının sayı 164 nəfərə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hazırda ölkə ərazisində dağıntıların təmizlənməsi və axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Təbii fəlakət nəticəsində şəhərlərdə onlarla bina uçub, Manisales şəhərində isə tarixi kilsənin qülləsi ikiyə bölünüb.
Əhalisinin sayı 2.2 milyon nəfər olan Kali şəhərində uşaq şöbələrinin də yerləşdiyi böyük xəstəxananın yuxarı mərtəbələri çöküb. Xəstələrin bir qismi dağıntılar altında qalıb, 600-ə yaxın pasiyentə isə birbaşa küçədə tibbi yardım göstərilir. Bu barədə "Caracol" telekanalına xəstəxananın baş həkimi məlumat verib. Rəsmi şəxslərin sözlərinə görə, Kalidə indiyədək 85 nəfərin ölümü təsdiqlənib.
Pereyra şəhərində azı 66 nəfər həyatını itirib, çox sayda bina, eləcə də şəhər hava limanı ciddi ziyan görüb və ya dağılıb. Zəlzələnin fəsadları ilə əlaqədar Kali və Pereyra şəhərlərində gecə saatlarında komendant saatı tətbiq edilib.
Kolumbiyanın qərb hissəsində baş verən güclü zəlzələ nəticəsində ən azı 132 nəfər həlak olub, daha 570 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "BluRadio" radiostansiyası məlumat yayıb. Mənbənin məlumatına əsasən, genişmiqyaslı dağıntılarla əlaqədar olaraq ölkənin 32 şəhərində ən yüksək - qırmızı təhlükə səviyyəsi elan edilib.
Bundan əvvəl Kolumbiya Geologiya Xidməti Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında 7.4 maqnitudalı yeraltı təkanların qeydə alındığını bildirmişdi. Kolumbiya prezidenti Abelardo de la Esprielyanın sözlərinə görə, təbii fəlakət ən çox Pereyra və Manisales şəhərlərinə ziyan vurub. Yeraltı təkanlar qonşu dövlətlərin ərazisində, o cümlədən Panamada da hiss olunub.