Kolumbiyada baş verən güclü zəlzələdə ölənlərin sayı 265 nəfərə çatıb. 3 494 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əlavə olaraq, 496 şəxsin aqibəti naməlum olaraq qalır və onlar itkin düşənlər siyahısındadır.
Oxu.Az "El Espectador" nəşrinə istinadla xəbər verir ki, bu rəqəmləri Kolumbiya dövlətinin başçısı Abelardo de la Esprielya ictimaiyyətə açıqlayıb.
Təbii fəlakət ümumilikdə 25 872 ailəyə ziyan vurub. Yeraltı təkanlar səbəbindən 11 300 yaşayış binası tamamilə yararsız hala düşüb, təxminən 54 min tikiliyə zərər dəyib, 140 obyekt isə çöküb.
Bununla yanaşı, bir piyada keçidi və 20 avtomobil körpüsü dağılıb, 203 avtomagistral və beş hava limanının infrastrukturuna ciddi ziyan dəyib.
Qeyd edək ki, Kolumbiya ərazisindəki bu fəlakət avqustun 10-da, bazar ertəsi səhər saatlarında baş verib. Təkanların mərkəzi Çoko departamentinin San-Xose-del-Palmar bələdiyyəsində yerləşib. Bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi axtarış-xilasetmə işlərini və humanitar yardımların çatdırılmasını ləngidir.
Dağıntılar altında olanlara xələl gətirməmək məqsədilə xilasedici qruplar ərazini həm xüsusi texnika, yəni ekskavatorlar, həm də əllə təmizləyirlər.