Litva Seymi (parlamenti - red.) ölkə ərazisində xarici dövlətlərin hərbi bazalarının və kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edən müddəanın ləğvini nəzərdə tutan konstitusiya dəyişikliyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Litva mətbuatında məlumatlar yayılıb.
Bildirilib ki, Seymdəki müzakirələrin yekununda 99 deputat dəyişikliyin lehinə səs verib, 13 nəfər əleyhinə çıxıb, 5 nəfər isə bitərəf qalıb.
Vurğulanır ki, Litva Konstitusiyasına bu düzəlişin tam qüvvəyə minməsi üçün ən azı 94 millət vəkili üç ay fasilə ilə daha iki dəfə həmin layihəyə müsbət səs verməlidir.
Layihənin müəllifi, parlamentin spikeri Yuozas Olekas bildirib ki, NATO-nun nüvə çəkindirməsi alyansın kollektiv müdafiə arxitekturasının ən mühüm tərkib hissələrindəndir. Onun sözlərinə görə, bu potensialın əsas hədəfi sülhü qorumaq, nüvə şantajının qarşısını almaq və etibarlı müdafiəni təmin etməkdir:
"Kollektiv müdafiənin bir hissəsi kimi fəaliyyət göstərən bu çəkindirmə sistemi onilliklərdir ki, mövcuddur və alyansa qarşı irimiqyaslı təcavüz riskini azaldan əsas amillərdən biridir".
Qanun layihəsinin müzakirəsində çıxış edən Seymin komitə sədri Remiqiyus Motuzas isə qeyd edib ki, əksər NATO ölkələrində, o cümlədən qonşu Latviya, Estoniya və Polşada belə məhdudiyyətlər yoxdur. O, Litvanın öz müstəqilliyini bütün vasitələrlə qoruyacağını müttəfiqlərinə və rəqiblərinə aydın şəkildə nümayiş etdirməli olduğunu vurğulayıb:
"Biz digər NATO dövlətlərindən daha az müdafiə oluna bilmərik. Litvanın NATO-nun nüvə çəkindirmə prosesinin tamhüquqlu iştirakçısı olduğuna dair mesaj verməliyik".
Qeyd edək ki, hazırda qüvvədə olan Litva Konstitusiyasının 137-ci maddəsinə əsasən, ölkə ərazisində xarici dövlətlərə məxsus hərbi bazaların və ya kütləvi qırğın silahlarının yerləşdirilməsinə icazə verilmir.