Baltikyanı dövlətlərin müdafiə nazirləri Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə məxfi məktub göndəriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Finlandiyanın "Iltalehti" nəşri özəl mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, sənəd bazar ertəsi günü Avropa Komissiyasına təqdim edilib. Müraciəti Estoniya, Latviya və Litvanın müdafiə idarələrinin rəhbərləri imzalayıblar.
Bildirilir ki, bu dövlətlər 2026-cı ildə pilotsuz uçuş aparatlarından (PUA) qorunmaq məqsədilə Avropa İttifaqının onlara əlavə maliyyə vəsaiti (500 milyon avro) ayıracağına ümid edirlər.
Nəşr vurğulayır ki, sözügedən məktub açıq mənbələrdə dərc edilməyib və bu cür məxfiliyin səbəbləri barədə heç bir açıqlama verilmir.
Bununla yanaşı, Ursula fon der Lyayenin həmin müraciəti artıq qəbul etdiyi bildirilir. Lakin mənbələr onun bu məktuba hər hansı bir cavab verib-vermədiyini dəqiqləşdirməyiblər.