Litvada təhsil müəssisələrinə kütləvi şəkildə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı hədə-qorxu ismarışları daxil olmağa başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "LRT" nəşri xəbər yayıb.
Ölkə ərazisindəki bir çox məktəb rəhbərliyi binalara bomba qoyulduğu iddia edilən elektron məktublar aldıqlarını bildiriblər. Hazırda bu cür ən azı 130 fakt qeydə alınıb və bu göstərici artmaqda davam edir.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, daxil olan bütün məlumatlar diqqətlə araşdırılır, lakin ilkin təhlillər bu mesajların arxasında real bir təhlükənin olmadığını göstərir.
Bununla belə, təhdid məktubu alan təhsil ocaqlarına dərsləri və ya imtahan prosesini dayandırmamaq tövsiyə olunub. Məktəb rəhbərliyinə binaların ərazisini yoxlamaq və hər hansı şübhəli əşya aşkar edilərsə, dərhal polisə məlumat vermək tapşırılıb.