Livan məhkəməsi mərhum Liviya lideri Müəmmar Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini 11 milyon dollar girov müqabilində həbsdən azad etməyə qərar verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə H.Qəddafinin vəkili jurnalistlərə bildirib.
Bu qərarı istintaq hakimi oktyabrın 17-də Ədalət Sarayında keçirilmiş dindirmədən sonra qəbul edib.
Qeyd edək ki, Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildən Livanda həbsdədir. O, qonşu Suriyadan - siyasi sürgündə yaşadığı yerdən "Amal" hərəkatının döyüşçüləri tərəfindən qaçırılmış, sonra isə Livan hüquq-mühafizə orqanlarına təhvil verilmişdi. 2017-ci ildə təqsirləndirilən şəxs 1978-ci ildə Liviyada itkin düşmüş şiə imamı Musa Sədr haqqında məlumatı gizlətməkdə ittiham edilmişdi.
"Ən-Nahar" qəzetinin məlumatına görə, 1978-ci ilin avqust ayının sonunda Musa Sədr 1 sentyabr 1969-cu il inqilabının ildönümü münasibətilə keçirilən bayram tədbirinə Liviyaya dəvət olunmuşdu. O, Tripolidən Romaya uçmalı və orada Roma Papası ilə görüşməli idi. Lakin polkovnik Qəddafi ilə görüşdən sonra imam və onun iki yoldaşı yoxa çıxıb.
Versiyalardan birinə görə, polkovnik və imam arasında islam məsələləri ilə bağlı kəskin mübahisə yaranmış və Qəddafi onu tapança ilə güllələmişdi. Digər versiyaya görə, Musa Sədr və onun yoldaşları - ilahiyyatçı Məhəmməd Yaqub və publisist Abbas Bədrəddin həbsxanaya atılmışdılar.
Xatırladaq ki, livanlı fotomodel Alina Skafla evli olan Hannibal Qəddafinin hakimiyyəti dövründə ölkənin neft ixracına nəzarət edirdi. 2011-ci ildə atasının öldürülməsindən sonra o, anası Safiya, bacısı Aişə və ögey qardaşı Məhəmmədlə birlikdə münaqişə içində olan Liviyadan qonşu Əlcəzairə qaçıb.