Londonda Nottinq-Hilldə keçirilən Karib karnavalının ilk günündə polis 169 nəfəri saxlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Standard" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
"Həbslər narkotik və silah saxlamaq, eləcə də hücum və cinsi zorakılıq cinayətləri şübhəsi ilə həyata keçirilib", - deyə məlumatda bildirilib.
Həbslərin əksəriyyəti karnavalın keçirildiyi ərazində baş verib. Bundan əlavə, hüquq-mühafizə orqanları iki bıçaqlı hücumu qeydə alıblar. Bu hadisələrdən birində zərərçəkən ayağından yara alıb, digərində isə hücuma məruz qalan şəxs əlindən yaralanıb. Xəsarətlərdən heç biri ağır olmayıb və ya həyati təhlükə yaratmayıb.
Paytaxt polisi həmçinin qeyd edib ki, gücləndirilmiş təhlükəsizlik tədbirləri sayəsində karnavalda zorakılıq hadisələrinin sayı əvvəlki illərlə müqayisədə azalıb.
Nottinq-Hill karnavalı hər il avqustun sonunda Londonun qərbində keçirilən Karib mədəniyyət festivalıdır və Avropada ən böyük küçə bayramı hesab olunur. 1960-cı illərdə yaranan karnaval müxtəlif irqlərdən olan insanlar arasında münasibətləri yaxşılaşdırmaq üçün tədbir kimi nəzərdə tutulub. Proqramda rəngarəng paradlar, canlı musiqi, küçə yeməkləri və əyləncə meydançalar yer alır. Karnaval 2026-cı ildə öz 60 illik yubileyini qeyd edir.