Böyük Britaniya paytaxtı Londonda həddindən artıq narkotik qəbul etdikdən sonra 3 yaşlı uşağının yanında küçədə huşsuz vəziyyətdə tapılan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şahzadəsi, kral ailəsinin üzvü olan Mahrah Ən-Nəhyana hökm oxunub.
Bu barədə Oxu.Az xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, Kral Məhkəməsində keçirilən məhkəmə iclası zamanı Mahrah Ən-Nəhyan günahını qəbul edib. Məhkəmə "uşağa məsuliyyətsiz yanaşma" maddəsi üzrə şahzadəni 2 il şərti azadlıq və pul cəzasına məhkum edib.
Qeyd edək ki, iyunun 13-də baş verən hadisə zamanı Mahrah Ən-Nəhyan narkotik təsirindən təxminən 30 dəqiqə huşsuz vəziyyətdə qalıb, onun 3 yaşlı uşağı isə yol kənarında ayaqyalın halda yoldan keçənlər tərəfindən görülüb. Yoldan keçən şəxs tərəfindən qeydə alınan videoda Ən-Nəhyan başını aşağı əymiş, qollarını çarpazlamış və huşsuz halda məhəccərə söykənmiş halda əks olunub, yaxınlığında isə bir kişi arxasıüstə yerdə uzanmış olub.
Daha sonra polis onun çantalarında narkotik qəbulu üçün ləvazimatlar tapıb, lakin hər hansı qadağan olunmuş maddə aşkarlamayıb.
Ən-Nəhyan özünə gəldikdən sonra ətrafdakılara aqressiv və qeyri-adekvat reaksiya verib.
Məhkəməyə hakimlik edən Conson hökmü elan edərək bildirib ki, kənar şəxslərin müdaxiləsi olmasaydı, uşaq ciddi xəsarət ala bilər, hətta ölə bilər və ya qaçırılma riski ilə üzləşə bilərdi. Çünki insanlar onu görəndə uşaq bir kağız parçasının dalınca avtomobil yoluna doğru qaçırmış, ətrafdakılar onu dayandırıblar.
Nəticədə məhkəmə şahzadə Mahrah Ən-Nəhyana reabilitasiya şərti ilə iki il şərti azadlıq və 6 114 funt sterlinq məbləğində cərimə təyin edib. Bildirilib ki, şahzadənin hazırda narkotik asılılığından müalicəsi davam edir.