Mən əminəm ki, Qazaxıstan Respublikasında növbədənkənar prezident seçkiləri yüksək səviyyədə keçəcək.
Oxu.Az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Qazaxıstanda MSK-da keçirilən brifinqdə bəyan edib.
“Qazaxıstan MSK-sı seçicilərin hamısının səs verə bilməsi üçün hər şey edib. Biz sabah əksər qazaxıstanlıların fikrini biləcəyik. Mən burada müşahidəçi kimi ilk dəfə deyil ki, iştirak edirəm və mən əminəm ki, seçkilər yüksək səviyyədə keçəcək”, - M.Pənahov bildirib.
O, həmçinin əlavə edib ki, seçkilərin nəticələrinə əsasən bütün müşahidəçilər öz fikrini bildirəcək.
“Ümid edirəm ki, onlar obyektiv olacaqlar. Düşünürük ki, kütləvi informasiya vasitələrinin nümayəndələri də seçki prosesinin işıqlandırılmasında fəal iştirak edəcəklər”, - M.Pənahov yekun vurub.
Qeyd edək ki, sabah Qazaxıstanda prezident seçkiləri keçiriləcək. Prezident kürsüsü uğrunda üç namizəd – respublikanın indiki prezidenti Nursultan Nazarbayev, Xalq Komunist Partiyasından namizəd Turqun Sızdıkov və Həmkarlar Federasiyasının sədri Abelqazi Kusainov mübarizə aparacaqlar.