Rumıniya parlamentinin aşağı palatası Moldova ilə birləşmə təşəbbüsünü avtomatik qaydada təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb.
Məlumata görə, qanun layihəsi 45 gün ərzində deputatlar tərəfindən müzakirə olunmadığı üçün avtomatik qaydada qəbul edilmiş hesab olunub. Bundan sonra sənəd növbəti baxılma üçün parlamentin yuxarı palatası olan Senata göndəriləcək.
Rumıniya parlamenti "sərhədlərin sülh yolu ilə dəyişdirilməsi" imkanının dəstəklənməsi və Rumıniya ilə Moldovanın birləşməsi barədə qərarın qəbul edilməsini nəzərdən keçirəcək. Layihə təsdiqlənərsə, Rumıniya hökuməti dərhal Kişinyovla danışıqlara başlamalı olacaq.
Mayın 31-də Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy respublikanın Rumıniya ilə birləşməsinin tərəfdarı olduğunu bəyan etmişdi.
O bildirmişdi ki, bu məsələ ölkədə siyasi prosesin bir hissəsidir və Rumıniya vətəndaşı olduğu üçün birləşmənin əleyhinə səs verə bilməz.
Moldova ilə birləşmə ideyası Rumıniyada hələ 2024-cü ilin aprelində dəstək qazanmışdı. Rumıniyanın Baş naziri Marçel Çolaku bildirmişdi ki, Moldova Rumıniyanın dəstəyi sayəsində dayanıqlılığını qoruyub saxlayır.