Moldova hökuməti energetika və hidrotexnika sahələrində sentyabrın 26-dan etibarən 60 gün müddətinə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, Moldovanın baş naziri Vasile Tofan hökumətin iclasında bildirib ki, bu addım regional inkişaf fonunda vətəndaşların enerji və su ehtiyatları ilə təmin olunması üçün aidiyyəti orqanların operativ tədbirlər görməsinə imkan yaradacaq.
Qeyd olunub ki, energetika və hidrologiya sahəsində yüksək hazırlıq rejiminin müddəti sentyabrın 25-də başa çatır. Lakin onun tətbiqi üçün əsas olan təhlükələr aradan qalxmayıb və regional proseslər fonunda daha da kəskinləşib.
Ölkənin energetika naziri Dorin Cungietu vurğulayıb ki, Avropa birjalarında qazın qiymətinin artması və regional proseslər nəzərə alınmaqla, yaxın gələcəkdə istehlakçılar üçün qiymətlərin bahalaşması ilə bağlı ciddi risklər mövcuddur.
Bir müddət əvvəl ölkə Prezidenti Maya Sandunun rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurası ciddi kəsintilər zamanı qurumların çevik reaksiya verməsi, eləcə də ölkənin elektrik enerjisi, təbii qaz və neft məhsulları ilə təchizatını təmin etməyə malik olması üçün energetika və hidrotexnika sahələrində fövqəladə vəziyyətin tətbiqi zərurətini razılaşdırmışdı.
Açıqlamada qeyd edilir ki, hökumətin fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı qərarı parlament tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, iyulun 28-dən etibarən Moldovada hidrotexnika və energetika sektorlarında yüksək hazırlıq rejimi qüvvədədir.