Moskvada xüsusi xidmət əməkdaşları martın 8-də bayram gəzintisi zamanı həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə güc strukturlarının birində olan mənbəyə istinadən “İsvestiya” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İstanbuldan gələn Tacikistan vətəndaşı İzəttilo M.-nı Moskva aeroportlarının birində yoxlamaq üçün saxlayıblar. Deportasiya ediləcəyini və vətənə qayıtdıqdan sonra ömürlük həbsə məhkum olacağını anlayan şəxs telefonunu sındırmağa çalışıb. Daha sonra qayçı götürərək boğazına batırıb. Xüsusi xidmət əməkdaşları onu tutublar. Tacikistan vətəndaşı xəstəxanaya çatdırılıb. Onun Suriyada döyüşdüyü məlum olub.
“İstintaq əməliyyatı zamanı Tacikistan vətəndaşı Moskvaya terror aktı törətmək üçün gəldiyini bildirib. O, 8 mart bayramında tədbirlər zamanı özünü partlatmağı planlayırdı”, - qəzet məlumat yayıb.
Hüquq-mühafizəçiləri hazırda terrorçunun əlbirlərini axtarırlar. Nəşrin məlumatına görə, partlayıcı qurğunu ona Moskvada verməli idilər. Bütün lazımi informasiyanı aldıqdan sonra xüsusi xidmət orqanı əməkdaşları İzəttilo M.-nı öz tacik həmkarlarına təhvil veriblər.
N.О.
www.oxu.az