Nigeriya pop-ulduzu Adokiye apreldə 276 şagird qızı oğurlayan “Boko Haram” qruplaşmasına müraciət edib və onlara özünü təklif edərək onları xilas etməyi qərara alıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, 23 yaşlı müğənni bu barədə Vanguard nəşrinə verdiyi müsahibəsində bildirib.
“Bu qızların 12-15 yaşları var. Mən daha böyük və təcrübəliyəm. Əgər bir gecədə məndən 10 və ya 12 kişi istifadə etsə belə mənim üçün fərqi yoxdur. Sadəcə bu qızları buraxın, ailələrinin yanına getsinlər”, - pop-diva deyib.
Adokiya müsahibədən sonra öz niyyətini Twitter mikrobloqunda da təsdiqləyib. İnternet istifadəçilərinin bu bəyanata yanaşması iki yerə ayrıldı. Bəziləri onu bu cəsarətinə görə tərifləyib, bəziləri isə bu addıma istənilən yolla şöhrət əldə etmək kimi yanaşıblar.
“Boko Haram” qruplaşmasının yaraqlıları Şibok şəhərində aprel ayının 14-də məktəbə hücum ediblər. O zaman radikallar 276 qızı girov götürərək onları qul kimi satacaqlarını və ya ərə verəcəklərini bəyan ediblər. Ölkə hakimiyyəti genişmiqyaslı axtarış əməliyyatı aparır. BMT “Boko Haram”ı terror təşkilatları siyahısına daxil edib.