Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.
Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvəz edən yeni dövlət başçısı Pedro Alyananın andiçmə mərasimi ilə eyni vaxtda həyata keçirilib.
Məhkəmə keçmiş prezident barəsində ev dustaqlığı qərarı çıxarıb. O, vəsaitlərin mənimsənilməsi, nüfuz alveri və etibardan sui-istifadə etməkdə təqsirləndirilir. Prokurorluğun məlumatına görə, Penya ilk andan istintaqla əməkdaşlıq edib və polisləri öz istəyi ilə evə buraxıb. Prokuror həbs qərarını elan etdikdə, o, "qanuni prosedura tabe olacağam" deyə cavab verib.
Penyanın impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılmasından sonra isə vitse-prezident Pedro Alyana and içərək ölkənin yeni prezidenti olub. Andiçmə mərasimi parlamentin hər iki palatasının nümayəndələrinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, Paraqvaydakı siyasi böhrana Penyanın da investorlarından olduğu "Ueno Bank"ın müflisləşməsi səbəb olub. Sözügedən bank sahiblərinə yaxın şirkətlərə təminatsız kreditlər verməkdə günahlandırılır.