Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması sadəcə ehtimal edilən ssenarilərdən biridir, çünki bu məsələnin həlli üçün yalnız ölkənin istəyi kifayət etmir.
Oxu.Az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Fransa Radiosuna (RFI) müsahibəsində bildirib.
"Məsələnin həlli üçün təkcə Ermənistanın istəyi bəs etmir: Avropa İttifaqının özündə də gələcək genişlənmənin məqsədəuyğun olub-olmadığına qərar verilməlidir", - deyə baş nazir vurğulayıb və hazırda Aİ daxilində bu mövzuda fərqli fikirlərin səsləndiyinə diqqət çəkib.
O əlavə edib ki, hökumətin strateji hədəfi Ermənistanın Aİ-yə daxil olub-olmamasından ibarət deyil, əsas məqsəd ölkə və xalq üçün əvvəllər mövcud olmayan alternativlər yaratmaqdır.
"Məqsəd alternativlər təklif etməkdir, bundan sonra isə Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalıb-qalmayacağına, Aİ-yə daxil olmaq istəyib-istəməyəcəyinə və ya heç bir ittifaqa qatılmayacağına cəmiyyət özü qərar verə biləcək. İstənilən halda, biz qazanan tərəfik, çünki islahatlar həyata keçirməklə, nəticədə, Avropa standartlarına tam cavab verən bir dövlət quracağıq", - deyə Paşinyan bildirib.
Bununla yanaşı, erməni baş nazir ölkəsinin Rusiya ilə münasibətləri pisləşdirmək istəmədiyini bir daha xatırladıb:
"Rusiya Federasiyası ilə əlaqələrin kəsilməsi və ya pisləşməsi heç vaxt məqsədlərimizə daxil olmayıb, indi də yoxdur və gələcəkdə də olmayacaq".